"Ey Tusda yatan həkim! Ey məkanı Firdovs (cənnət) olan şair, qalx, qalx ayağa, vətəninə bir nəzər elə, sevin, şadü xürrəm ol, gör tazədən nə qədər şəhnamələr yazmaq lazımdır. Gör Tehran küçələrində şəhid olan yeni Səyavuşların qanlarından nə qədər gözəl lətif güllər, çiçəklər bitməkdədir!.."
"Həyat”, 1906, №173 Seçilmiş Əsərləri - Əli Bəy Hüseynzadə, s, 146-147
Əli bəy Hüseynzadənin “Həyat” qəzetində dərc edilən təbrik mesajı, təkcə Məşrutə inqilabının qələbəsinə verilən təbrik deyil, həm də Firdovsi və onun əsərlərinə böyük hörmət bəsləməklə, İran mədəniyyətini və onun məntəqədəki yerini vurğulayır. Əli bəy Hüseynzadə və onun kimi Türkçülüyün ilkin dövr rəhbər və tərəfdarları, İranı və onun irsini Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qəbul edirlər.
Türkçülüyün ilk formalaşdığı dövrlərdə, Firdovsi kimi İranın böyük ədiblərini, həmçinin İslam dünyasının mədəniyyət və düşüncə liderlərini ümumi bir irsin daşıyıcısı kimi qəbul edir və bu irsi sahiblənirdilər.
Bu, bir tərəfdən İran mədəniyyətinə verilən dərin hörmət, digər tərəfdən isə bu mədəniyyətin türkçülüyün dünyagörüşü daxilində qəbul edildiyini əks etdirir. Müasir türkçülükdə isə, bu cür geniş baxışlar əvəzinə, İran mədəniyyəti və onun tarixi mirası ilə daha sərt və inkarçı yanaşma müşahidə olunur. Müasir dövrdə bəzi türkçü cərəyanlar, İran mədəniyyətini rəqib mədəniyyət olaraq qəbul edirlər. Bu yanaşma, milli kimliyimizi anlamamaqdan qaynaqlanır.