Əziyyətsiz Xəzinə
Allahla münacatın ləzzəti hicran əziyyəti olmadan da yaranır. Peyğəmbərlər və övliyalar üçün bu belədir. Onlar hər zaman cənnət xislətli olduqları, cənnət kimi düşündükləri üçün elə cənnət kimi də yaşayırlar. Bunun izahı belədir: Biz bu dünyada susuzluq əziyyəti çəkməyincə, dadlı su bizə ləzzət vermir. İndi biz doyunca su içmişiksə, bizə bir qədəh ləzzətli su versələr, onun dadını hiss etmərik. Biz sirab olduqda gərək bir müddət keçsin, susayaq, dodağımız qurusun və susuzluq əziyyətinə dözək ki, sonra su içəndə o bizə ləzzət versin. Dünyadakı ləzzətlərin xüsusiyyəti budur ki, onlar mütləq susuzluq, ehtiyac ağrısından sonra gəlir. Bu bir.
Aclıq da belədir, paltar geyinmək də belədir, bütün ləzzətlər belədir! Əgər bir kimsə hər zaman təzə və bahalı paltar geyinirsə və heç vaxt paltarsızlıq dərdi, köhnə geyinmək əziyyəti çəkməyibsə, o, təzə paltar geyinməkdən heç bir ləzzət almaz. Amma əynində köhnə libas olan kəs təzə paltar geyindikdə ondan zövq alar. Dünyanın xüsusiyyəti budur. Yəni bir nemət o zaman ləzzətli olur ki, ondan əvvəl "məhrumiyyət ağrısı" yaşansın. Aclıq, toxluq, geyim, ev sahibi olmaq, bütün ləzzətlər bu qaydadadır!
Bəs Cənnətdə necədir? İnsan cənnətdə davamlı olaraq qidaya, Kövsər suyuna ehtiyac duyanda susuzluq əziyyəti çəkir, sonra su içib ləzzət alır? Yoxsa hər dəfə Kövsər suyu içmək istədikdə, elə ilk dəfəki kimi, susuzluq əziyyəti çəkmədən o ləzzəti duyur? Cənnət əziyyət yeri deyil, orada qayda belədir! Orada kimsə nə vaxt meyvə yemək istəsə, elə ilk dəfə daddığı ləzzəti alar. Aclıq çəkmədən toxluq ləzzətini dadar.
Deməli, onlar hicran (ayrılıq) əziyyəti çəkmədən də hüzur ləzzətini dadırlar. Bax belə!
Ayətullah Cavadi Amuli (h)