Bayaq manatlıq taksidə gedərkən, sürücü mənə bu il əksər valideynin verdiyi sualı verdi. O da budur ki, övladının oruc tutmasını istəmir.
Mənə bu il bir neçə valideyn, hətta dindar valideynlər də uşaqlarının oruc tutduğundan bərk narahat olmalarını deyiblər.
Deyirəm, siz niyə narahat olursuz, tuta bilməyəcək, pozacaq. Yaxud o qədər valideyn var, gecə-gündüz dua edir ki, kaş övladı namaz-oruca meyilli olaydı.
Sürücü deyir, uşağa yatırım etmişəm. Futbolçu olsun deyə. İki dəfə də pozdurmuşam ona. Məktəblərə gedirəm, nə qədər oruc tutan uşaq var. Belə olmamalıdır, elm öyrənməlidirlər.
Demədim ki, dünya şöhrətli oyunçular Yamal, Salah və s futbolçular, hətta maraq üçün xristianlar da oruc tuturlar müsəlmanlar kimi.
Lakin deyirəm, həqiqətən, oruc tutan məktəblilər çoxdur? Deyir, bəli. Namaz qılmasalar da, oruc tuturlar. Amma oxumurlar.
Deyirəm, qardaşım, əgər bu uşaq 11 ay oxuyub, Ramazanda səmərəli olması aşağı düşsə, etiraz etmək haqqın var. Lakin əgər 11 ayı oxumayıbsa, sən Ramazan ayını günahlandıra bilməzsən.
Gördüm, razılaşır ki, bəhanədir. Amma mən oruc tutan yeniyetmələrin çoxalmasını eşitdikdə bu qədər qadağa və narahatlığın haradan doğduğunu təxmin etdim.
Sadəcə narahatam ki, siz nə qədər o uşaqları əzsəniz, daha radikal dindarlar böyüyəcək. Yetkinliyə çatmış uşaqları ibadətə görə əzirsiz, daha sonra bu, sizin heç xoşunuza gəlməyən formada sizə geri qayıdacaq.