Bu gün müqəddəs Ramazan ayı daxil oldu. Bu ay ilahi rəhmətin nazil olduğu, mənəvi qapıların üzümüzə açıldığı və bəndələrin Allahın xüsusi dəvətinə layiq görüldüyü bir aydır.
Məhz buna görə Ramazan ayı “ziyafətullah”, yəni Allahın qonaqlığı adlanır. Ziyafətdə ev sahibi ən dəyərli nemətlərini qonağına təqdim edir. Bu ayda isə ev sahibi aləmlərin Rəbbi, nemət isə Onun rəhməti, məğfirəti və Özünə yaxınlıqdır. Belə bir ziyafətdə əsas məsələ yalnız süfrəyə baxmaq deyil, təqdim olunan nemətlərdən düzgün şəkildə faydalanmaqdır.
Bu xüsusdan yanaşdıqda aydın olur ki, Ramazan ayı deyildikdə ilk ağla gələn oruc olsa da, ayın həqiqəti bundan daha genişdir. Şübhəsiz, oruc bu ayın mühüm ibadətidir; lakin Ramazanın mahiyyəti təkcə aclıq və susuzluqla məhdudlaşmır. Bu ayın təkvini və ontoloji həqiqəti var, yəni ilahi rəhmət xüsusi şəkildə yer üzünə nazil olur. Elə buna görə də üzrlü səbəbdən oruc tuta bilməyən şəxs belə bu ayın bərəkətindən məhrum sayılmır, çünki ayın özü başdan-başa rəhmət və feyzdir.
Ramazanın bu əzəməti onun Qədr gecəsi ilə daha aydın görünür. Bu ayda elə bir gecə vardır ki, min aydan daha üstündür.
Hədislərdə buyurulduğu kimi, bu ayda möminin hər nəfəsi zikr, yuxusu ibadət sayılır, xeyir əməllərin savabı isə qat-qat artır.
Bununla belə, bu lütfdən daha çox bəhrələnməyin yolu da bizə göstərilmişdir. Allah-Taala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Oruc sizə vacib edildi, sizdən əvvəlkilərə vacib edildiyi kimi. Bəlkə təqvalı olasınız”. (Bəqərə, 183). Ayədən aydın olur ki, orucdan əsas məqsəd sadəcə aclıq deyil; hədəf təqvaya çatmaq, iman mərhələsindən müttəqi mərhələsinə yüksəlməkdir. Oruc nəfsani maneələri zəiflədir, qəlbi saflaşdırır və insanı ilahi feyzi qəbul etməyə hazırlayır.
Bu mənanı daha da dərinləşdirən Qüdsi hədisdə buyurulur: “Oruc Mənim üçündür və onun mükafatını Mən Özüm verəcəyəm”. Bu ifadə orucun xüsusi və seçilmiş bir ibadət olduğunu göstərir. Çünki oruc insanı Allaha yaxınlaşdırır, Onu daha mərifətli tanımağa və qəlbən hiss etməyə səbəb olur.
Beləliklə, Ramazan ayı bizim üçün böyük bir fürsətdir. Bu ayın qədrini bilmək, hər anını zikr, dua, Quran tilavəti və xeyir əməllərlə zinətləndirmək lazımdır. Sadəcə oruc tutmaq kifayət deyil; orucun ruhunu yaşamaq lazımdır. Əks halda insana yalnız aclıq və susuzluq qalar.
Gəlin bu ayı dolğun şəkildə və fərqindəliklə yaşayaq. Ramazan ayını yalnız iftar saatlarını gözləməklə keçirməyək, hər anından maksimum mənəvi fayda götürmək niyyəti ilə onu dəyərləndirək. Çünki bu ay Allahın bizə açdığı mənəvi ziyafətdir və bu ziyafətə layiq olmaq bizim öz əlimizdədir.
Allah-Taala bizləri Ramazan ayını həqiqi mənada dərk edən və yaşayanlardan qərar versin.