Başlıqsız Mesaj (Xatirələr əsasında)
44 günlük müharibənin son günlərindən biri idi. Suqovuşanda idik. Torpağın nəfəsi dəyişmişdi, azadlıq qoxusu vardı havada. Amma barıt iyi hələ çəkilməmişdi. Hər daşın altında bir iz, hər ağacın kölgəsində bir nəfəs gizlənmişdi. Sükut belə burada danışırdı, səssiz harayla.
O gün səngərin bir kənarında, palçığın içində nəsə parıldadı. Gözüm sataşdı. Yavaşca yaxınlaşdım. Sadə, köhnə bir telefon idi . Nə smartfon, nə də müasir bir model. Amma sanki nəsə demək istəyirdi. Sanki torpaq onu mənim üçün saxlamışdı.
Əlim tərəddüdlə düyməsinə toxundu. Ekran yavaşca işıqlananda bir neçə mesaj gəldi ard-arda, susqunluğun içindən qopan səslər kimi. Cavabsız zənglər, qırıq-kəsik yazılar, yarımçıq cümlələr.
Sonra bir mesaj...
Titrəyə-titrəyə oxudum:
“Oğlum sağsansa, bir cavab ver.”
Göndərən: Dədəm
Baxışlarım ekranda dondu. Sözlər sadə idi, amma içində bir ömür vardı. Ümidlə yazılmış, qorxuyla yollanmış, göz yaşıyla bitmiş bir cümlə idi bu. Gözlərimə dolan yaşları saxlaya bilmədim. Tanımadığım bir oğulun, heç vaxt görmədiyim bir atanın arasında qalmışdım.
Telefonun sahibini görməmişdim, adını bilmirdim, amma o mesaj hər şeyi deyirdi. Onun da bir atası vardı. Bəlkə kənd yerində, bəlkə şəhər kənarında. Bəlkə hər axşam oğlu üçün çay süzür, qapıya baxır, telefonun səsini hər dəfə ümidlə açırdı.
Telefonu bir müddət əlimdə tutdum. Cavab verə bilməzdim. Yazmağa cəhd etdim, əlim dayandı. O “dədə”nin gözlədiyi səs mənim səsim deyildi. Mən kimdim ki, o ataya “sağam” deyim? Mən onun oğlu deyildim… onun oğlu, artıq səssizliyin içindəydi.
Telefonu səliqəylə bükdüm. Bir az kənara, sakit bir torpaq parçasına apardım. Sanki bir şəhidin yadigarı idi. Orda, səngərin altında, torpağın qoynuna basdırdım onu. Yavaşca... sanki son dəfə bir nəfəs verirmiş kimi.
Ətraf sakit idi. Səngərdə rəisim nəsə deyirdi uzaqdan, amma mən eşitmirdim. Sanki o mesajın içində ilişib qalmışdım. Sanki o dədənin ahı havada dolanırdı — “Oğlum sağsansa...”
Sonra səmaya baxdım. Gözlərim günəşə ilişdi. Günəş qüruba enirdi, eynən o dədənin ümidləri kimi.
Bu torpaq azad oldu, bəli. Amma bir çox cavabsız mesajlar, susmuş səsli zənglər, çatmayan dualar qaldı arxamızda. Bəzən zəfər belə göz yaşına qarışır. Bəzən ən böyük acı, tanımadığın bir atanın, heç görmədiyin oğluna yazdığı sadə bir mesajda gizlənir.
Biz qayıtdıq. Qələbə ilə.
Amma o telefon, o mesaj, o “Dədəm”... orda qaldı. Torpağın qoynunda. Cavabsız, amma heç vaxt unudulmayacaq bir dua kimi. Ən ağır güllə bəzən bir sms olur...
Müəllif: 🖊Eyvaz Əyyub