Ruhumuz qaranlığa düşəndə günahlar işləməyə başlayırıq. Əsas məsələ qaranlıq gəlmədən alacağımız tədbirlərdir. Türkiyədə məktəbə silahlı hücum edən İsa Aras Mersinlinin yazdıqlarını gördünüz?
“Özümü tənha hiss edirəm, ailəm məndən nifrət edir, mən onlar üçün böyük bir məyusluğam. İnsanlar məni görsün istəyirəm.”
Əziz valideynlər, müəllimlər və məktəb rəhbərləri, uşaqları görün, onlara fikir verin, onların dünyası ilə tanış olun, onlarla söhbət edin və onlarla vaxt keçirin. Onlar nə istəyirlər, nə ilə maraqlanırlar, nələr düşünürlər, nələrə yönəlirlər, nələr onlar üçün motivasiyaedicidir və s. Onlara baxın. Amma həqiqətən baxın, sadəcə onların qabağına tələblər və qadağalar qoymayın. Onlarla sizin istədiklərinizi eləməli olan robotlar kimi yox, yetişən bir nəsil kimi davranın. Qadağalar sadəcə qadağan edilən şeyi daha da cazibədar göstərər. Amma onlarla kontaktda olsanız, vaxt keçirsəniz, onların dünyası ilə tanış olsanız, siz onların hansı pis şeylərə yönəldiyini, hansı zərərli fikirlərin olduğunu da görərsiniz. Özünü tənha hiss edən bir yeniyetmə hər şey edə bilər. Pis vərdişlərə yönələ bilər, özünə zərər verə bilər, başqalarına zərər verə bilər, böyük səhvlər eləyər, təhlükəli insanların əhatəsinə girər və s. Amma araşdırmalar göstərir ki, yeniyetmənin həyatında cəmi bir yetişkin olduqda hansı ki o yeniyetmə o yetişkinlə yaxşı bir kontakt qura bilər, yaxşı bir emosional bağ qura bilər, o yeniyetmənin həyatda ki seçimləri daha doğru olur. Ona görə də unutmayın, uşaq yetişdirmək bu həyatda ki ən önəmli şeylərdən biridir. Bunun üçün kitablar oxuyun, kurslara gedin və psixoloqa müraciət edin.
Bu iş sadəcə öz ağlınıza və təcrübənizə güvənərək öhdəsindən gələ biləcəyiniz bir şey deyil.
Fuad Əsədov