Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov: “Türkiyə ilə Azərbaycan razılaşıblar ki, İrandan hücum təkrarlanarsa…”
“Naxçıvana hücum riskinin tam aradan qalxdığını demək çətindir. İranın məqsədi daha çox ölkənin ABŞ-a təzyiq göstərməsinə nail olmaqdır. Digər tərəfdən, İran bu hücumlarla ABŞ-a göstərmək istəyir ki, onun hərbçiləri regionda heç bir yerdə tam təhlükəsiz deyil.
Əlbəttə, bu addımlar İran üçün ciddi mənfi nəticələr də doğura bilər. Məsələn, Türkiyə belə hallarda İrana qarşı daha sərt addımlar atar. Lakin indiki mərhələdə görünən odur ki, Türkiyə hər vasitə ilə müharibənin birbaşa iştirakçısına çevrilmək istəmir. Hətta belə hücumlardan biri zamanı ərazi zərbə alsa və müəyyən itkilər baş versə belə, Ankara emosional reaksiya verməkdən çəkinə bilər.
Son 24 saat ərzində Azərbaycan və Türkiyə arasında, ən azı siyasi diskurs səviyyəsində, müəyyən mövqe dəyişiklikləri də müşahidə olundu. Belə ki, Naxçıvana edilən hücumdan sonra Azərbaycan ali səviyyədə daha sərt açıqlamalar verdi, Türkiyə isə daha çox balanslaşdırıcı mövqe nümayiş etdirdi. Türkiyəyə edilən son zərbədən sonra isə Ankarada ritorika müəyyən qədər sərtləşdi, Azərbaycan isə Türkiyəni sakitləşdirməyə çalışan mövqe ortaya qoydu.
Hər iki ölkə, düşünürəm ki, mövcud vəziyyətin mahiyyətini yaxşı anlayır. İranın zərbələri davam etsə belə, Türkiyə və Azərbaycan öz təhlükəsizliklərini təmin etmək üçün birgə fəaliyyət göstərə bilərlər. Başqa sözlə, İranın bu hücumları müəyyən mənada Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıran amilə çevrilib. Hətta demək olar ki, iki ölkə arasında belə bir konsensus formalaşıb: mümkün itkilərlə müşayiət olunan hücumlar baş versə belə, tərəflər vəziyyəti nəzarətdə saxlayaraq birbaşa müharibəyə cəlb olunmamağa çalışacaqlar.
Azərbaycan bu məsələdə kifayət qədər operativ addım atıb bəyan etdi ki, ölkə ərazisi İrana qarşı istifadə olunmayacaq. Bu mesajı gücləndirmək üçün həm humanitar yardım göstərildi, həm də tranzit yüklərlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırıldı.
Digər tərəfdən, bu addımların məqsədlərindən biri də Azərbaycanla danışıqlar aparan şəxsin mövqeyini gücləndirmək idi. Yəni İranda hər kəs görməli idi ki, Pezeşkiana həvalə edilən missiya müəyyən nəticələr verib. Rəsmi Bakı da bu zəngi qəbul etməklə bir tərəfdən Pezeşkianın İrandakı mövqeyinin möhkəmlənməsinə töhfə verdi, digər tərəfdən isə Tehran üçün onun Bakı ilə münasibətlərdə mühüm fiqur olduğu mesajını çatdırdı.
Azərbaycanın əsas məqsədi Naxçıvana edilən hücumların təkrarlanmamasına nail olmaqdır. Çünki belə bir riskin tam aradan qalxdığını demək çətindir və bu ehtimal hər zaman mövcud ola bilər.
İranın hücumları ilə bağlı Azərbaycan və Ermənistanın mövqeləri müəyyən mənada oxşar oldu. İranla bağlı bəyanatlar demək olar ki, eyni vaxtda verildi. Hətta ali dini rəhbər Əli Xameneinin vəfatı ilə bağlı iki ölkə lideri eyni vaxtda başsağlığı mesajı yayımladı. Bununla belə, bəzi fərqlər də oldu: məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan İranda yerləşən səfirliyə getmədiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev səfirliyi ziyarət edərək başsağlığı verdi. Bu isə daha çox dini və ortaq tarixi-mədəni əlaqələrlə bağlı amillərlə izah oluna bilər.
Digər tərəfdən, yeni ali rəhbərin təbrik edilməsi məsələsində də hər iki ölkə oxşar mövqe nümayiş etdirdi. Bütün bunları nəzərə alaraq demək olar ki, mövcud situasiyada Azərbaycan və Ermənistanın bu məsələyə baxışları müəyyən dərəcədə paralellik təşkil edir və bu, təbii siyasi proses kimi qiymətləndirilə bilər.
Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlər hazırda sülh gündəliyinə uyğun şəkildə davam edir. Bu gündəlikdə sülh sazişi imzalanmazdan əvvəl bir sıra mərhələlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlara yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması və vətəndaş cəmiyyəti səviyyəsində dialoqun təmin edilməsi daxildir.
https://globalinfo.az/turkiye-ile-azerbaycan-razilasma-elde-edibler-ki-irandan-hucum-tekrarlanarsa-ferhad-memmedov/