İtalyanların belə bir futbol deyimi var. Yığmamızda 11 futbolçu və 60 milyon məşqçi var.
Amma bu gün mən futboldan yox, Eurovision haqqında yazmaq istəyirəm.
Bir neçə gün əvvəl bu müsabiqədə bizi təmsil edəcək sənətçinin adı açıqlanmışdı. Dünən isə həmin sənətçinin mahnısı və klipi təqdim olundu.
Bu iki hadisənin arasında isə həmkarım Zəhra Bədəlbəylinin yazısı gözümə sataşdı. Doğrusu, o yazını oxuyandan sonra bir daha düşündüm ki, bizdə belə mövzular ətrafında müzakirələr həmişə eyni istiqamətə gedir. Yəni yarış başlamadan təmsilçimizi özümüz məğlub edirik və sonra da onu yarışa göndəririk.
Məncə bu düzgün deyil.
Yeri gəlmişkən, müsabiqədə ölkəmizi təmsil edəcək sənətçi Jiva’nın (Cəmilə) yaradıcılığı ilə mən çoxdan tanışam. Uzun illərdir səhnədə olan bir ifaçıdır və açığı, bu seçimi heç də pis seçim hesab etmirəm. Çünki illərdir səhnədə olan, öz yolunu gedən və ən əsası öz prinsiplərinə sadiq qalan sənətçilər bu cür imkanları bəzən çox gec əldə edirlər. Ona görə də demək olar ki, bu seçim müəyyən mənada həm də zəhmətin və səhnədə keçən illərin qiymətləndirilməsidir.
Əslində isə məsələnin başqa tərəfi də var.
Birincisi, gəlin özümüzə qarşı səmimi olaq. Eurovision elə bir yarışma deyil ki, ora gedən hər kəs mütləq qalib gəlməlidir. Açıq desək, elə bir ölkə də yoxdur ki, bu müsabiqəyə hər il yalnız qələbə düşüncəsi ilə yanaşsın. Əlbəttə, Rusiya təmsilçilərindən başqa, onları da çoxdan bu müsabiqədən kənarlaşdırıblar. Bəli, hamı yaxşı nəticə istəyir, amma bu yarışma həm də səhnədir, təcrübədir və mədəniyyət mübadiləsidir.
İkincisi isə daha prinsipial məsələdir. Əgər ölkədə ciddi və bahalı layihələr həyata keçirilirsə, məsələn “Səs Azərbaycan” kimi böyük televiziya müsabiqələri təşkil olunursa, onda həmin müsabiqələrin məntiqi davamı da olmalıdır. Çünki belə yarışmalar sadəcə reytinq üçün yox, yeni səsləri və adları üzə çıxarmaq üçündür. Bir çox dövlətlər də seçimlərini məhz bu amilə görə edirlər.
Əgər bir insan həmin yarışmada qalib gəlirsə, deməli o, müəyyən seçim prosesindən keçib, tamaşaçı səsindən keçib, münsiflərdən keçib. Bu artıq bir texnologiyadır, bir sistemdir. Və sistem varsa, ona əməl etmək lazımdır.
Əks halda nə baş verir? İnsanlar yarışmaya qatılır, illərlə yaradıcılıqlarını inkişaf etdirir, səhnəyə çıxır, qalib olur, amma sonra yenə də kiçik səhnələrə qayıdır və çıxışı olmayan dairənin içində qalırlar.
Üçüncü məsələ isə daha sadə və daha ədalətlidir. Əgər bir insan həqiqətən yaxşı oxuyursa, güclü vokalı varsa, səhnədə dayanmağı bacarırsa, o insanın yolu açıq olmalıdır. Musiqidə ən vacib şey səsdir, istedaddır və səhnə enerjisidir.
Bəlkə də məhz buna görə biz bəzən öz istedadlarımızın yolunu özümüz bağlayırıq. Və sonra da təəccüblə soruşuruq ki, niyə böyük səhnələrə çıxanlarımız yoxdur.
Halbuki cavab çox sadədir.
Sistem olmalıdır.