🇮🇷🇺🇸🇮🇱 Iranin raket infrastrukturuna endirilən zərbələr ilk baxışda Tehranın hərbi potensialını sarsıtmış kimi gorunsə də, yeni kəşfiyyat məlumatları tamam başqa mənzərə cızır. Məlum olur ki, İran rejimi vurulan raket bunkerlərini saatlar içində yenidən istifadəyə qaytara bilir. Bu isə Yaxın Şərqdə davam edən müharibənin mahiyyətini daha da kəskinləşdirir: məsələ təkcə raketlərin sayında deyil, həm də sistemin diri qalmaq, gizlənmək və bərpa olunmaq qabiliyyətindədir.
Vaşinqton uzun muddət idi ki, İranın zərbə imkanlarının zəiflədiyini iddia edirdi. Ag Ev hücumların azalmasını Tehranın Körfəz regionunda hədəfləri vurmaq imkanlarının sıradan çıxarılması kimi təqdim edirdi. Lakin son hesabatlar göstərir ki, İran xeyli sayda raketini, mobil buraxılış qurğularını və yeraltı infrastrukturunu qoruyub saxlaya bilib. Daha da əhəmiyyətlisi, zədələnmiş obyektlər gozlənildiyindən qat-qat sürətli bərpa olunur.
Burada əsas məqam İranın klassik hərbi doktrinasında gizlidir. Bu ölkə illər boyu "raket şəhərləri" adlandırdığı yeraltı bazalar sistemini qurmuşdu. Həmin obyektlər yalnız silah anbarı deyil, eyni zamanda strateji səbir, gizlənmə və uzunmüddətli müqavimət fəlsəfəsinin məhsuludur. ABŞ və İsrail havada üstünluk əldə etdiklərini desələr də, yeraltında gedən bu müharibə tamam başqa məntiqlə işləyir. Bunker vurulur, amma sistem ölmir. Toz çökən kimi texniki briqadalar işə başlayır, alternativ çıxışlar açılır, mobil qurğular yeni mövqelərə daşınır.
İranın hücum intensivliyinin azalması da birmənalı zəiflik əlaməti sayılmır. Əksinə, analitiklər bunu taktiki uyğunlaşma kimi qiymətləndirirlər. İlk günlərdə yüzlərlə raket atılırdısa, indi daha seçilmiş, daha gizli və daha hesablanmış zərbələr həyata keçirilir. Gündəlik raket buraxılışları azalsa da, pilotsuz uçuş aparatlarının sayı hələ də ciddi həcmdə qalır. İran bununla həm rəqibi yormaq, həm hava mudafiəsini yükləmək, həm də müharibəni uzatmaq üçün psixoloji təzyiq saxlamaq istəyir.
Bu mənzərə ABŞ və İsrail üçün xoşagəlməz həqiqəti ortaya çıxarır: ilk mərhələdə asan görünən hədəflər məhv ediləndən sonra "azalan nəticə" mərhələsi başlayır. Yerdə qalan sistemləri tapmaq çətinləşir, hər yeni zərbə əvvəlkindən daha baha və daha az səmərəli olur. İran isə coğrafiya, tunellər, dağ massivi və illərlə qurduğu yeraltı logistika hesabına bu oyunda hələ də nəfəs ala bilir.
Deməli, savaşın taleyini artıq təkcə bombardmanların miqyası yox, davamlılıq qabiliyyəti müəyyən edir. İranın saatlar içində bunkeri yenidən işə salması bir hərbi detal deyil. Bu, rejimin hələ sınmadığını, əksinə, dağıntı içində yeni üsullar öyrəndiyini göstərən ciddi siqnaldır. Yaxın Şərq səmasında görünən alov dillərindən daha təhlükəlisi, bəlkə də, məhz yerin altında səssizcə davam edən bu bərpa maşınıdır.