Anamız Həzrəti Zəhradan əmanətdir hicab,
İki dünyada hicab əhlinə zinətdir hicab.
Hicab hər möminənin ismətidir-iffətidir,
Adıdır-namusudur-mənliyidir-qeyrətidir,
İzzidir-şənidir-ülviyyətidir-şövkətidir,
Elə fərz eylə xanım güldü, təravətdir hicab,
Saxlayın məndən əmanət dedi Zəhra hicabı,
Kərbəlada qorudu Zeynəbi-Kübra hicabı,
İndi isə qalıb əllərdə Rüqəyya hicabı,
Ya şərafətsiz ömürdür, ya şəhadətdir hicab.
Zalima, Allaha bax, Tanrıya bax, irşad ol,
Əmri-Xəllaqə itaətdə bulun, nun-qad ol,
Ey deyən kəs qızına, taxma hicab, azad ol,
Sən biqeyrət nə bilirsən ki, nə qeyrətdir hicab.
İstəsən Tanrı yanında olasan şəni əziz,
Pərdeyi-isməti cəhd eyləginən saxla təmiz,
Ta bu əxlaq ilə ol Həzrəti Zəhraya kəniz,
Ondan al dərsi-həya, gör nə şərafətdir hicab.
Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan,
Gəldi fəryadi-nəva səsləri dağdan-daşdan,
Yenə də açmadı, amma ki hicabın başdan,
Ey bacım, bax yola gəl, rahi-hidayətdir hicab,
Olma yırtılmış həya pərdəsi, şeytan nökəri,
Keç həya məktəbin, ol bəxtəvərin-bəxtəvəri,
Çün, hicab əhlinin üstündədir Həqqin nəzəri,
Həm bu dünyada, həm üqbadə şərafətdir hicab.
Anamız Həzrəti Zəhradan əmanətdir hicab,
İki dünyada hicab əhlinə zinətdir hicab.
Vüqar Biləcəri
http://T.me/azerbaycanin_ehlibeyt_sairleri