– Ay qız, quldan, kənizdən atam kimi zindana saldırıb? Zindandan qulağıma ağlamaq səsi gəlir.
Qaravaş dedi:
– Xanım, zindana bir oğlan salıblar, bilmirəm kimdi, vallah, deyirsən, Yusifdi, qəbirdən qalxıb, özü də 18–19 yaşında.
Xülasə, qaravaş Əhmədi o qədər tərif elədi ki, Pəri Soltan görməzdən, bilməzdən Əhmədə aşiq oldu. Qız dedi:
– Dur gedək, bir özüm ona baxım.
Pəri Soltan Şah Abbasın gözünün ağı-qarası təkcə övladıydı. Özü də elmli, kamallı bir qız idi. Bir sözlə, elmiynən gözəlliyi bərabər idi. Pəri Soltan özünü zindanın qapısına yetirdi. Deşikdən içəri baxıb nə gördü? Gördü, vallah, bir oğlan uzanıb zarıldayır, deyirsən, Yusifdi, qəbirdən çıxıb.
Pəri Soltan Əhmədi görən kimi aşiqi-şeyda olub, az qaldı ürəyi getsin, üzünü qaravaşa tutub dedi:
– Ey qaravaş, əhsən sənin zehninə. Ancaq mən nə təhər eləyim ki, bu oğlan barədə bir əhval bilim, görüm bu, kimdi, nəçidi, nə üçün zindana salınıb? Bunları bilsəm, qalanı asandı.
Qaravaş tez getdi zindanban çağırmağa. Zindanban dinməzsöyləməz düşdü qaravaşın dalınca.
Xanım özünü acıqlı göstərib dedi:
– Bu, kimdi, bunun günahı nədi? Bunu bura kim saldırıb?
– Əgər xatiriniz istəyirsə, bu saat buyurun, qapını açım, özünüz zəhmət çəkib danışdırın, ya da istəyirsiniz, mən özüm öyrənib sizə xəbər verim.
Pəri Soltan şad olub dedi:
– Elə gəlmişkən yaxşı olar ki, özüm bir əhval bilim, bir də day sonraya qalmasın.
– Əmr sənindi, nə cür istəyirsən, elə də olsun.
Zindanban açarı çıxartdı, qapını açdı, xanım, qaravaş içəri daxil olub, qapını örtdülər. Zindanban çəkilib, bir tərəfdə durdu.
Qapının səsinə Əhməd çevrilib gördü, paho, budu bir cüt nazənin sənəm gəlir, deyirsən, on dörd gecəlik aydı, buludun altından çıxıb. Qızlar ona yaxınlaşıb, salam verdilər.
Əhməd zəndlə baxıb yəqin elədi ki, xeyr, bunlar nə huridi, nə də pəridi, lap insandı ki, var.
Pəri Soltan xanım gülə-gülə Əhmədə dedi:
– Oğlan, adın nədi?
– Xanım, mənim adım Əhməddi, özüm də filan dərzinin şagirdiyəm. Bizə görə nə qulluğunuz var?
– Əhməd, hələ qulluq sonrakı məsələdi. Sən bir dərzi şagirdi, fağır adamın birisən. Mənə düzünü de görüm səni bura nə üçün salıblar?
Əhməd bütün əhvalatı başdan-ayağa Pəri Soltana nağıl elədi.
Pəri Soltan əhvalatı Əhməddən eşidəndə ürəyi şan-şan olub dedi:
– Əhməd, niyə yuxunu açıb biryolluq canını qurtarmırsan?
Əhməd dedi:
– Xeyr, xanım, ölsəm, yenə də yuxunu açmayacağam. Açsaydım, elə əvvəldən açardım.
Pəri Soltan Əhmədin bu kişiliyinə təəccüb eləyib, öz ürəyində “afərin” dedi. Məhəbbəti ona bir idisə, min oldu.
... Hər gün Pəri Soltan Əhmədə baş çəkir, yemək göndərir, davadərmanla yaralarına məlhəm qoydururdu.
Əhməd Pəri Soltanın bu rəftarına məəttəl qalmışdı. Day yazıq nə bilirdi ki, Pəri Soltanın ürəyində nə var?
Bir gün zindanban izin alıb dedi:
– Xanım, zindanın dibindən sarayın otaqlarından birinə qapı açaram. Bu yazığı ora apararıq. Yaralarına məlhəm qoymaq, sağaltmaq orda daha rahat və asan olar.
Pəri Soltan bir qədər fikirləşib dedi:
– Onda sən qapını aç.
İki saat tamam olmamış zindanban qapını açıb hazır elədi.
Pəri Soltanla qaravaş hərəsi bir tərəfdən Əhmədin qoluna girib apardılar o biri otağa. Əhmədin bədəninə təzədən məlhəm qoyub, yaxşıca sarıdılar.
Pəri Soltan dedi:
– Əhməd, mən Şah Abbasın qızı Pəri Soltanam, bura da mənim otaqlarımdan biridi.
Əhməd yeyib, içib günü-gündən gözəlləşirdi. Pəri Soltanın da məhəbbəti günü-gündən artırdı.
Elə bu vaxt Firəng padşahından Şah Abbasa elçi gəlib qızı Pəri Soltanı oğluna istədi. Şah Abbas razı olmayıb, elçini geri qaytardı. Bir neçə gün keçmişdi, səhər durub gördülər nə? İsfahanın dörd tərəfini qoşun bürüyüb. Firəng padşahının vəziri Şah Abbasın yanına adam göndərib dedi:
– Mən Firəng padşahının vəziriyəm, gəlmişəm qızının elçiliyinə. Əgər verməsən, mən qırx cavan oğlanla cavan qız gətirmişəm. Onların qırxı da bir boyda, bir sifətdə, bir yaşda. İyirmisi oğlandı, iyirmisi də qızdı. Elə bir adam tap ki, onlara əl vurmamış, oğlanları, qızları bir-birindən ayırsın. Yoxsa sənin torpağını at torbasında daşıdaram.