5 aprel 2026-cı il tarixində Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə ( https://dim.gov.az/storage/postFile/gence-ihissepdf_04-02-2026_10-14-54.pdf), Samux, Yevlax, Şəmkir ( https://dim.gov.az/storage/postFile/semkir-ihissepdf_04-02-2026_10-21-22.pdf), Ağstafa, Şəki, Lənkəran ( https://dim.gov.az/storage/postFile/lenkeran-ihissepdf_04-02-2026_10-18-11.pdf), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi ayrılıb.
İmtahanda 49701 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Qeyd edək ki, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı imtahan vaxtı da dəyişdirilib. İmtahan tarixi dəqiqləşəndə həmin şagirdlərə (3 nəfər) məlumat veriləcək.