Gənc nəslə müraciət!
Mərhəmətli və Mehriban Allahın adı ilə!
Əziz gənclər, yeni nəsil, bu günümüzü quranlar və sabahımızın sahibləri! Sizi səmimi qəlbdən salamlayır, sizin üçün dua edir və gələcəyimiz üçün sizə ümid bəsləyirəm.
Siz bu günün gənc fidanları, sabahın isə köklü, əzəmətli, qol-budaqlı, bar verən ağaclarısınız. Özünüzü bu gün necə tərbiyə edirsinizsə, sabah onun bəhrəsini görəcəksiniz. Bu gün ələ gətirdikləriniz sabah sizin cəmiyyətdə, ailədə yerinizi təyin edəcək.
Əziz gənclər, düşmənləriniz qollarınıza və ayaqlarınıza şəhvət, nifrət və cəhalət buxovlarını vurmağa çalışır. Sizin gəncliyinizi istismar edən və cəmiyyətin cəmi 1 faizini təşkil edən harın quldurun, oğrunun hiyləsinin qarşısında diz çökməyin, onlara məğlub olmayın. Dik durun, öz gücünüzə inanın. Siz nə köləsiniz, nə də qul. Siz bu ölkənin sahibləri, bu xalqın onurğa sütunusunuz. Onurğa sütunu öz vəzifəsini yerinə yetirməsə, əyrilərsə, bütün bədənin irəliyə hərəkətində problem yaranar. Gənclər içkiyə, pis vərdişlərə aludə olsalar, pərakəndə olarlar. Onlar sağlam cəmiyyət qurmaq yerinə, qəlbləri parçalanmış bir kütləyə çevrilərlər və Azərbaycanın sərvətlərini sovuran həmin 1 faiz tərəfindən istismar olunmağa davam edərlər.
Siz təhsildə, elmdə, mənəviyyatda parlayan işıqlarsınız. Siz İmam Hüseynin (ə) qanının, Şah İsmayıl Səfəvinin geninin daşıyıcılarısınız. Öz qədrinizi billin, dəyərinizi qiymətləndirin. Siz tarix boyu babalarınızın haqq və ədalət uğrunda axıtdığı qanların, döyüş meydanlarında çalınan qılınc səslərinin, muğamın, bayatının, qəzəlin, isti ana laylasının yaratdığı bir vücudsunuz. Siz bu günün övladları və sabahı yaradan, onun sahibi olacaq ataları və analarısınız. Tənbəllik, süstlük, ətrafınızda baş verənlərə laqeydlik, günü əyləncə keçirməklə gələcək qurmaq olmaz, gələcəyin sahibi olmaq olmaz.
Düşmənləriniz gözəl geyim, xoş gülüş və şirin sözlərlə sizə yaxınlaşmaq, sizi tora salmaq, ruh və cisminizi əsir etmək istəyir. Bunun üçün hər hiyləyə əl atır, incəsənətdən istifadə edir, sizə düşünmək əvəzinə şablon fikirlər verir. Gününüzdə müəyyən bir hissəni mütaliəyə ayırın. Əgər oxumağa heç cür vaxt edə bilmirsinizsə sizin üçün “Azərbaycan Araşdırma Mərkəzi” kitablar səsləndirir, yüzlərlə kimliyimizi nümayiş etdirən qısa tarixi filmlər düzəldib, onları izləyin.
Vaxt az, fürsətlər ötəri, düşmən hiyləgər, hədəflər isə böyükdür. Böyük hədəflər, xoşbəxt, azad və izzətli gələcək naminə təlaş göstərin, yorulmadan çalışın. Şübhəsiz ki, sizi hamıdan çox-çox sevən sevimli Allah yardımçınız və himayətçinizdir. Sonda Allahın Peyğəmbərindən (səas) sizə bir hədis təqdim edirəm: «Sizə gənclərə yaxşılıq etməyi tövsiyə edirəm. Çünki onların qəlbləri daha yumşaq və incədir. Allah məni müjdə verən və xəbərdar edən bir peyğəmbər olaraq göndərdi. Mənə ilk beyət edib kömək edənlər gənclər oldu, mənə qarşı çıxanlar isə yaşlılar idi.»
Dərin hörmət və məhəbbətlə: Orxan Məmmədov