Məhəmmədhüseyn Şəhriyar
İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə, təmaşayə gəlim.
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.
Mənə də baxdın o şəhla göz ilə, mən qaragün,
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.
Mən cəhənəmdə də baş yastığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qarnında da sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub birdə bu dünyayə gəlim.
Sən yatıb cənnəti röyadə görəndə gecələr,
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.
Qıtlıq illər yağışı tək, quruyub göz yaşımız,
Kuyi eşqində gərək birdə müsəllayə gəlim.
Sən də səhrayə marallar kimi bir çıx noluki,
Mən də bir seydə çıxanlar kimi, səhrayə gəlim.
Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini məsihayə gəlim.
Şeyx sən`an kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün məbəde tərsayə gəlim.
Yox sənəm! Anlamadım, anlamadım, haşa mən
Buraxım məscidimi, sənlə kelisayə gəlim.
Gəl çıxaq ture təcəllayə, sən ol cilveye tur,
Mən də Musa kimi o turə təcəllayə gəlim.
Şirdir Şəhriyarın şeri, əlində şəmşir,
Kim deyir mən belə bir şir ilə davayə gəlim.